Streetcharge
Günəş enerjisi ilə işləyən Streetcharge – Küçə adapteri demək olar ki, ətraf mühitin qorunmasına dəstək verən ən optimal avadanlıqdır. Ətraf mühitə zərər vermədən və heç bir elektronik mənbədən dəstək almadan, sadəcə təbii Günəş enerjisi ilə işləyir. Küçə adapterləri insanları istənilən yerdə və istənilən zaman dilimində enerji mənbəyi ilə təmin edir. Küçə adapteri unikal dizaynı ilə şəhər mühitinin memarlığına mənfi təsir göstərmir. Gün içində günəş işıqlarının birbaşa təsirinə məruz qalan xüsusi panel kifayət qədər enerji ötürməyə imkan verir, günəş batdıqdan sonra isə enerjini panelləri əvəz edən xüsusi litium batareyalar ötürür.
Küçə adapteri sərbəst dayanmanı təmin edən möhkəm və ağır dəmir lövhədən, polad əsaslı alüminium dayaqdan, 6 ədəd mobil telefonun eyni zamanda enerji toplaması üçün 6 ədəd USB başlıqdan, LED işıqlardan, 3 ədəd taxta rəfdən, loqo üçün vertikal formada yerləşən 3 ədəd plastik lövhədən və yuxarı hissədə yerləşən 3 ədəd günəş panelindən ibarətdir. İstənilən mobil telefon üçün uyğun gələn xüsusi USB başlıqlar Siz yolda ikən evə getmədən və vaxt itirmədən, ən vacib məqamda enerji istifadəsinə imkan verir. Küçə adapterlərinin insan sıxlığı çox olan yerlərdə, parklarda, yol kənarlarında, meydanlarda, bir sözlə, elektrik enerjisinin əldə edilməsi mümkün olmadığı istənilən açıq məkanlarda quraşdırılması mümkündür.
Hava dəyişikliyindən təsirlənməyən bu küçə adapterləri dözümlü və möhkəmdir. Təbii yolla əldə edilən enerji maliyyə cəhətdən də yerləşdiyi mühit üçün çox əlverişlidir. Şəhərsalmada bu küçə adapterlərinin istifadəsi enerji sərfiyyatını azaltmağa, eyni zamanda ətraf mühitə olan zərərin qarşısını da almağa səbəb olacaqdır.


