Elmlər akademiyası metro stansiyası

Elmlər Akademiyası metro stansiyası


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı 2011-ci il 18 mart tarixli Sərəncamla təsdiq olunmuş “Bakı Metropoliteninin 2011-2015-ci illərdə inkişafına dair Dövlət Proqramı”na uyğun olaraq, 2015-ci il dekabrın 28-də stansiyanın ikinci giriş-çıxışı istifadəyə verildi. «Elmlər Akademiyası» stansiyasının ikinci giriş-çıxışının istifadəyə verilməsi stansiyanın fəaliyyəti dayandırılmadan birinci giriş-çıxışının təmiri və eskalatorların dəyişdirilməsi üçün münbit şərait yaratdı. Fəaliyyətinin 30 ili 2015-ci ilin sonlarında tamam olan «Elmlər Akademiyası» stansiyasının əsas vestibülü də Dövlət Proqramına müvafiq olaraq beş aylıq təmir və yenidənqurma işlərindən sonra sərnişinlərin istifadəsinə verildi. Qeyd edək ki, yenidənqurma işləri zamanı stansiyanın özəlliyi, eksteryer və interyerinin ilkin layihə görkəmi saxlanılmaqla, stansiya müasir standartlar səviyyəsinə çatdırılıb. 2016-cı il aprel ayının 15-də başlanan təmir işləri dövründə, eskalatorların yeniləndiyi müddətdə stansiyanın əsas giriş-çıxışı bağlandığı üçün vestibüldə, stansiya üzərində yerləşən binada və yaxınlıqdakı ərazidə də müvafiq təmir-tikinti, yenilənmə və bərpa işləri aparılıb.

Stansiyanın giriş və çıxış qapıları daha müasir və rahat analoqları ilə əvəzlənib, qapıüstü şəbəkə cərgəsi dəyişdirilib. Təmir-bərpa işləri yerinə yetirilərkən stansiyanın özəlliyi qorunmaqla yeniliklər də edilib. Bu mənada, stansiyada quraşdırılmış sarı zolaq diqqəti çəkir. Metropolitendə ilk dəfə relyefli səthə malik tametdən yaradılmış bu zolaq görmə qabiliyyəti məhdud olan sərnişinlərin səmti müəyyənləşdirməsi üçün nəzərdə tutulub. Metropolitendə ilk dəfə vestibüldə də yeni tipli ventilyasiya sistemi tətbiq edilib, bütün yeniliklərlə yanaşı stansiyanın memarlıq üslubu və bu üslubda işlənmiş şəbəkəsi, yararlı detalları tam qorunmaqla bərpa işləri aparılıb. Kassa zalında işıqlandırma sistemi yenidən qurularaq, stansiyanın girişində, eskalator zalında, eskalatorların ballüstradalarının üstündə LED tipli lampalar quraşdırılıb. Vestibülün və onun üzərindəki altımərtəbəli inzibati binanın qızdırılması üçün müasir standartlara cavab verən qazanxana inşa olunub, mərkəzi havalandırma sistemi ilə təmin edilib. Bakı metropoliteni ilə əməkdaşlıq edən Ecopark MMC Elmlər Akademiyası metro stansiyasının təmir-bərpa işlərində uğurlu işlər həyata keçirmişdir. Belə ki, Ecopark MMC stansiyanın girişində metal konstruksiyanın quraşdırılması, rənglənməsi, həmçinin interyer dizayna uyğun olan daxili pəncərə şəbəkələrinin yenidən bərpa olunması işlərini həyata keçirib.